Kim qalib gələ bilər?Qarabağda LORA, "Polonez" və "İsgəndər" qarşıdurması -SİLAHLARIN DETALLARI


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi bəyən və paylaş
 
 Azərbaycanda İsrail istehsalı LORA OTRK və Belarusun "Polonez" YARS-ları ilə silahlanan yeni raket briqadası yaradılıb. Bu raket briqadasının silahlanmasına daxil olan sistemlərin təyinatı, imkanları və Ermənistanın silahlanmasında olan "İsgəndər" OTRK ilə oxşar və fərqli cəhətlərinə aydınlıq gətirməyə çalışaq.


Raketin atəş məsafəsi 30-300 km, hədəfdən yayınma ehtimalı 10 m, fuqas tipli döyüş başlığının çəkisi 400 kq, nüfuzedici (kumulyativ) döyüş başlığının çəkisi 600 kq, ümumi çəkisi 1.7 t, uzunluğu 5 m, çapı 610 mm, uçuş yüksəkliyi 45 km-dir. Döyüş maşını üzərində dörd raket yerləşdirilir, atəşə hazırlıq müddəti 13 dəqiqə, xidmət müddəti 10 il, səhra şəraitində isə bu müddət 7 ilə qədər azalır.


Kompleksin ən üstün xüsusiyyəti hədəfə doğru uçarkən raketin aşkar edilməsini və ələ keçirilməsini kifayət qədər çətinləşdirən, müstəqil və proqramlaşdırılan yüksək yayınma manevrlərini həyata keçirməsidir.

Azərbaycanın istifadəsində olan LORA kompleksləri 8×8-lik təkərli formulaya sahib MAZ şassisi üzərində yerləşdirilən dörd konteynerə malikdir.


 
"YARS bazasında OTRK" da adlandıra biləcəyimiz LORA raketləri düşmən qoşunlarının müdafiəsinin əməliyyat dərinliklərində xüsusi mühüm obyektlərə: HHM batareyalarına, dayanacaqda olan təyyarə və helikopterlərinə, hərbi hissələrin ehtiyat və cəmləşmə rayonlarına, komanda məntəqələrinə, atəş vasitələrinə (artilleriya və dəqiq atəş qurğularına), infrastruktur elementlərinə (idarəetmə məntəqələrinə, rabitə qovşaqlarını, elektrik stansiyalarına, bazalarına, rabitə qovşaqlarına) və sənaye infrastrukturunun əhəmiyyətli obyektlərinə qəfil və dəqiq raket zərbələri endirmək üçün nəzərdə tutulub.

Atışdan hədəfə qədər olan məsafəni raketin 10 dəqiqədən daha az vaxtda qət etdiyi bildirilir. Universal atıcı qurğuya malik LORA kompleksi müxtəlif çaplı konteynerlərdən fərqli raketlərin buraxılmasını həyata keçirə bilir. Atıcı qurğu yük maşınlarına və döyüş gəmilərinin müxtəlif versiyalarına yerləşdirilə bilər.

LORA raketləri germetik atıcı-nəqlyyat konteynerlərində (TPK) yerləşdirilir və səhra şəraitində 7 il müddətinə qədər saxlanıla bilir. Kompleks 4 ədəd TPK paketi şəklində daşınır. LORA raketi, GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi tərəfindən bütün uçuş trayektoriyası üzrə idarə edilir.

Kompleks, dörd oxlu, 8x8 təkər formulasına və yüksək keçiricilik qabiliyyətinə malik "KamAZ-6350" ərazi vasitəsinin şassisi üzərində qurulur. Bu şassi yolsuzluq şəraitində yüksək manevr imkanlarına malikdir və maneələri dəf etmə qabiliyyəti ilə digərlərindən fərqlənir. O, vasitənin üzərinə, yaxud qoşquya quraşdırıla bilər. Atıcının mühərriklərinin hamısı elektriklə çalışır. LORA vasitəsilə döyüş gəmilərindən də atəş açaraq quruda yerləşən uzaq məsafəli hədəfləri vurmaq mümkündür.

GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi sayəsində raketlərin bütün uçuş trayektoriyası üzrə hərəkətinə nəzarət edilir, tələbat yarandıqda trayektoriyaya düzəlişlər edilir. Yüksək dəqiqlik raketi "Navstar" kosmik radionaviqasiya sisteminin tətbiqi nəticəsində əldə olunur. "Israel Aircraft Industries" şirkəti tərəfindən hazırlanan idarəetmə bloku, GPS, TCS və datalink sayəsində 10 metrə qədər hədəfdən yayınma ehtimalı əldə edir ki, bu da LORA raketlərini sinfinin ən dəqiq raketlərindən birinə çevirir. Bir neçə müxtəlif təyinatlı raketlərin istehsalı mövcuddur. Məsələn, özütuşlanan kiçik kalibrli kumulyativ raketlə zirehli texnikaları və ya aerodromda aviasiyanı məhv etmək mümükündür.

Raketlər həm yerüstü, həm də dəniz bazasından buraxıla bilər. Buraxılış nəqliyyat atıcı konteynerlərinin şaquli vəziyyətində həyata keçirilir. İlkin mərhələdə uçuş dörd nəzarət sensoru ilə nizamlanır və uçuş sabitləşdirilir. Raket, hədəfə aşağı sürətlə enməni, atəş məsafəsinin artırılması üçün istifadə edir. Eyni zərbədə LORA atıcı nəqliyyat konteynerində yerləşən 4 ədəd raketin hər biri müxtəlif hədəflərə yönəldilə bilər.

"Polonez"

 
Belarus istehsalı olan "Polonez" YARS, əslində imkanlarına görə Operativ Taktiki Raket Kompleksinə (OTRK) daha yaxındır. Bu kompleks Çinin CALT (China Academy of Launch Vehicle Technology) şirkətinin А-200 raketlərinin Belarusun dördoxlu 8х8 formullu МZKT-7930 daşıyıçısının üzərindəki versiyasını əks etdirir. Kompleks "Həssas Elektromexanika Zavodu" ("ZTEM") dövlət müəssisəsi tərəfindən hərbçilərin birbaşa iştirakı ilə hazırlanıb.

"Polonez" kompleksi mövcud olan ən qabaqcıl hava hücumundan və raket əleyhinə müdafiə sistemlərini adlaya bilən yüksək sürətli ballistik raketlərə malikdir. Hər bir döyüş vasitəsi səkkiz raket buraxa bilir, onların hər birinin məhvetmə radiusu 275 kvadrat metrdir. "Polonez" raketlərinin atəş məsafəsi 300 kilometrdir. Eyni zamanda raketlərin hədəfdən ehtimal olunan yayınma əmsalı 30 metrə qədərdir. "Polonez"-də istifadə olunan yeni yüksək dəqiqlikli M20 raketləri bu YARS-ın OTRK keyfiyyətlərinə sahib olması ilə nəticələnib. Bunun səbəbi isə M20 raketlərində kombinəedilmiş ətalət və peyk idarəetmə sisteminin tətbiqi ilə bağlıdır. Sınaqlarda göstərilən yayınma isə 10-15 metr arasında dəyişir. Bu dəqiqlik isə artıq kompleksi YARS-dan çox, OTRK sinifinə aid edir.

Raketin çəkisi 780 kiloqramdır, döyüş başlığı 140 kiloqramdır, atəşə hazırlıq müddəti 8 dəqiqə, xidmət müddəti isə şəraitdən asılı olmayaraq 10 ildir. Təkrar doldurulma, atıcı konteynerlərin dəyişdirilməsindən ibarətdir və qısa bir zaman ərzində divizionun ştatına daxil olan xüsusi maşın vasitəsilə aparılır.


Kombinə olunan idarəetmə sisteminə (peyk naviqasiya siqnalları ilə korreksiya olunan inersial yönəltmə sistemi) malik ayrılan döyüş başlığı üçtipli partlayıcı ilə təhciz olunur. Bütün kvaziballistik trayektoriyada uçan mərmilər kimi, bu mərmilərdə də tətbiq olunan inersial naviqasiya sisteminin dəqiqliyinin artırılması üçün GPS ("Polonez" və "İsgəndər"də isə GLONASS) naviqasiya sistemi əlavə olunur.

Kim qalib gələ bilər?

SSRİ dönəmində Belarus ərazisində 120-dən çoz müxtəlif təyinatlı hərbi sənaye kompleksinə aid müəssisə, o cümlədən 15 Elmi-Tədqiqat İnsitutu və Konstruktor Bürosu fəaliyyət göstərirdi. Buna baxmayaraq Belarusda raket istehsal edilmirdi. Əsasən hərbi təyinatlı lazer, optika, elektronika, idarəetmə sistemləri və radiolokasiya vasitələrinə üstünlük verilirdi. Raketlərin istehsalı üzrə isə Ukrayna ixtisaslı infrastruktura malik idi. Nəticədə 2000-ci ildə Belarus ordusunun yenidən silahlanma proqramı nəticəsində yeni raketlərin hazırlanması üçün müəssisələr yaradılmağa başladı.

Azərbaycan ordusunda rus silahları da çoxdur. Bu yaxınlarda BTR-82A, T-90S, 2C31 "Vena" və digər ağır silahlar da alınıb. Azərbaycan Rusiyadan istənilən silahı qısa müddət ərzində əldə etmək imkanına malikdir. Rusiyanın İrəvana pulsuz olaraq "verdiyi", Əlcəzairə isə satdığı "İskəndər-E" raket sistemlərinin Bakının da əldə etməsini mümkün hesab edirəm. Onun atəş məsafəsi 280 km, döyüş başlığı kütləsi isə 480 kq-dan artıq deyil.

Uzunluğu 7,2 m və diametri 920 mm olan" İskəndər-E" raketi 480 kq çəkidə döyüş başlığına sahibdir. İstehsalçı kompleksin 20 dəqiqə ərzində döyüşə hazır vəziyyətə gətirildiyini iddia edir. Lakin Rusiya Ordusunda kompleksdən istifadə edən heyətlər bu normativi 30 dəqiqədən tez yerinə yetirməyin mümkün olmadığını bildirirlər. Mən istehsalçını küsdürməmək üçün onun elan etdiyi 20 dəqiqəni əsas götürəcəyəm.

Minimal atəş məsafəsi 50 km, maksimum atəş məsafəsi isə 280 km-dir. İstismar müddəti 10 ildir, səhra şəraitində isə raket 3 ildən sonra effektivliyini itirir. İrəvan bu raketlərlə Azərbaycan ilə raket silahları sahəsində balans yarada bildiyini sübut etməyə çalışsa da, bu həqiqətə uyğun gəlmir. Niyəsinə cavab verməyə çalışacam.

Birincisi "İsgəndər-E" Rusiya operativ-taktiki kompleksinin ən sadə versiyasıdır. Onlardan istifadə etmək hüququnun Ermənistana aid olmasına dair Rusiyanın rəsmi mövqeyi hələ də mövcud deyil. 2015-ci ildə gərginləşən Türkiyə-Rusiya münasibətlərinin nəticəsi olaraq, bu komplekslərin məhz Ermənistana verilməsinə səbəb olduğunu ehtimal edirəm.


İkincisi, tutaq ki, bu komplekslər Ermənistanın tam istifadəsindədir. "İsgəndər" kompleksinin atıcı qurğusu sadəcə iki mərmi ilə tək-tək atəş açmaq üçün nəzərdə tutulub. İkinci və sonuncu raket ən tezi bir dəqiqədən sonra buraxıla bilər. "Polonez" isə bunu bir dəqiqədən də az, 50 saniyə ərzində 8 raketi 8 müxtəlif hədəfə buraxa bilir! LORA isə 4 raketi 14 dəqiqəyə 4 müxtəlif hədəfə zərbə endirə bilir.

Üçüncüsü, bir dəqiqə intervalla tək-tək buraxılan iki raketi aşkarlamaq, ələ keçirmək və məhv etmək ehtimalıdır ki, "Dəmir Qübbə"ni və "Barak-8"i nəzərə almasaq belə, eyni tipli RƏM və ya HHM sistemləri üçün, heç 8 raketə qarşı eyni fəaliyyətləri həyata keçirməkdən ən azı 4 dəfə daha yüksəkdir.

Dördüncüsü, komplekslərin döyüş vəziyyətinə gətirilməsi üçün "İsgəndər"ə 20, "Polonez"ə isə 8 dəqiqə tələb olunur. Bu isə o deməkdir ki, kompleksin döyüşə hazırlaşaraq ilk raketi buraxması üçün əmr aldıqda, "İsgəndər" minimum 21 dəqiqə sonra iki raket buraxa bilər. "Polonez" isə 9 dəqiqədən də az müddətdə 8 raketi 8 müxtəlif hədəfə buraxa bilir, yəni "İskəndər" hələ döyüş vəziyyətinə gətirilmə prosesində "Polonez" raketlərinin zərbəsindən qorunmaq üçün tədbirlər görməlidir. 12 dəqiqə OTR qarşıdurmasında çox böyük zamandır.

Beşincisi, "İsgəndər-E" modelləri kasset tipli döyüş başlığı və özütuşlanan elementlərə sahib olmadığı halda, LORA bu xüsusiyyətlərin hər ikisinə, "Polonez" isə ən üstün tuşlama sisteminə sahibdir.

Altıncısı, "İskəndər-E" modelində döyüş başlığının manevr imkanları məhdudur. Bunu istehsalçı bəyan edir. Bu isə ona qarşı tətbiq edilə biləcək RƏM sistemlərinin siyahısının genişlənməsinə səbəb olur.

 
Yeddincisi, "İskəndər" cəmi 3 il, LORA 7 il, "Polonez" isə 10 il səhra şəraitində saxlama müddətinə malikdir. Əgər Ermənistana verilən raketlərin hamısının konveyerdən birbaşa İrəvana göndərildiyini ehtimal etsək belə, gələn il onlar dəyişdirilməli və ya yenilənməlidir. Bu göstərici belə bir kompleksin raketləri üçün ciddi çatışmamazlıqlardan biri hesab edilir. Bunu kim və ya hansı vəsaitlə edəcəyi də maraq doğurur.

Həm "İsgəndər"də, həm də "Polonez"də Belarus istehsalı olan MZKT-7930 şassisindəm istifadə edildiyi üçün onların imkanlarını müqayisə etməyə dəyməz. Bu şassi SSRİ və Rusiyanın "Bal", "Bastion", "Klub-M" ballistik raket komplekslərində, "Bereq" ÖAQ-da, "Uraqan-1M" YARS-da, "Monolit-B" sahil kəşfiyyat kompleksində, S-400 "Triumf" ZRK-nın anten postlarında, "Topol-M" STRK-nın təminat maşınlarında, müxtəlif tipli mühəndis texnikalarında, S-500 "Prometey" ZRK-nın sınaq modellərində şassi kimi istifadə edilib.

Rusiyanın bir çox kütləvi informasiya vasitələrində rusiyalı silah mütəxəssisləri "Polonez"in imkanlarının "İskəndər" OTRK ilə müqayisə olunmasına adətən qısqanclıqla yanaşırlar. Bu da təbiidir, müttəfiq olsalar belə, Rusiya ətrafında Belarus kimi real rəqabət apara biləcək silah və istehsalçı görmək istəmir. Rusiyanın istehsalı olan "Smerç" və "Toçka-U"nu onunla müqayisə etməklə, sanki onun keçmişə aid bir silah sistemi olmasına diqqət yönəltmək istəyirlər. Lakin texniki xarakteristikaları çox fərqli olan bu silahları eyni tərəziyə qoymaq olmaz. 120 km ilə 300 km-ə nöqtə zərbəsi endirən 560 kq TNT-lik kompleksi eyni tərəziyə qoymaq, bəs deyilmiş kimi birincinin daha üstün olmasını sübut etməyə cəhd etmək həyasızlıqdan başqa bir şey deyil.


"Polonez" YARS ilə "İskəndər" OTRK-nin imkanlarını müqayisə etdikdə Belarus raketi yalnız döyüş başlığının çəkisində rəqibindən geri qalır.

LORA-nın fuqas tipli döyüş başlığının çəkisi 400 kq, kumulyativ döyüş başlığının çəkisi isə 600 kq-dır, yəni "İsgəndər-E" ilə müqayisədə 20 faiz daha güclüdür. GPS ilə inteqrasiya edilən ətalətli naviqasiya sistemi sayəsində raketlərin bütün uçuş trayektoriyası üzrə hərəkətinə nəzarət edilməsi, tələbat yarandıqda trayektoriyaya düzəlişlər edilməsi Ermənistan Ordusunda olan HHM vasitələrinin LORA-ya qarşı mübarizə imkanlarını məhdudlaşdırır. Yüksək dəqiqlik raketi "Navstar" kosmik radionaviqasiya sisteminin tətbiqi nəticəsində əldə olunur. Yuxarıda qeyd edtdiyimiz kimi, "Israel Aircraft Industries" şirkəti tərəfindən hazırlanan idarəetmə bloku, REM vasitələrinin maneə yarada bilmədiyi GPS, TCS və datalink vasitəsilə fəaliyyət göstərir. 10 metrə qədər hədəfdən yayınma ehtimalı LORA raketlərini sinfinin ən dəqiq raketlərindən birinə çevirib. LORA-nın 45 km yüksəklikdə uçması və aşağı radar görünmə əmsalına malik olması Ermənistanın bu raketlə mübarizə imkanlarını sıfra endirir. Atəşə hazırlıq üçün LORA-ya "İsgəndər" kompleksindən 7 dəqiqə daha az vaxt tələb olunur. Bu zaman ərzində LORA 210 km məsafə qət edə bilir.

Eyni zərbədə LORA atıcı nəqliyyat konteynerində yerləşən 4 ədəd raketin hər biri müxtəlif hədəflərə yönəldilə bilər. Fərqli bazalardan həm qurudan, həm də dənizdən buraxıla bilən LORA raketlərinin də Ermənistan üçün müəyyən problemlər yaradacağı şübhəsizdir. 2 ədəd "İsgəndər"ə qarşı müxtəlif platformalardan buraxıla bilən 4 ədəd LORA döyüş başlığının kütləsinə və zərbə gücünə görə ikiqat deyil, üçqat üstün fərq yaradır.

Bəzi erməni mənbələrinin Azərbaycanın sahib olduğu "Dəmir Qübbə" kompleksinin "İsgəndər" raketlərinə qarşı effektiv olmadığı barədə səsləndirdiyi sözlər, maraqlı tərəflərin daxili auditoriyaya hesablanaraq səsləndirdiyi fikirləridir. HHM və RƏM vasitələrinin imkanlarını müqayisə etməkdə fayda var, lakin bunu gələn dəfə edəcəyik ki, oxucuları çox yormayaq. Təkcə onu demək kifayətdir ki, bu gün dünyada ən müasir və effektiv raket əleyhinə müdafiə sistemləri Azərbaycanın böyük hərbi texniki tərəfdaşı olan İsraildə istehsal edilir. Digər tərəfdən İsrailin istehsal etdiyi sistemlər yalnız sınaq və təlimlərdə deyil, eyni zamanda davamlı olaraq real döyüşlərdə öz imkanlarını təsdiqləyir. Onları sadalamağa ehtiyac yoxdur.


Hər ay rəqib ölkənin mətbuatı İsrailin HHM və RƏM sisteminin geniş imkanlarından bəhs edən məqalələr dərc edirlər. Maraqlı olan odur ki, İsrail silahlarının həm sınaq, həm də döyüş tətbiqinə aid məlumatlar video-sübutlar vasitəsilə müşayiət olunur. Lakin eyni fikirləri "İsgəndər" kompleksi barədə demək olmaz. Sınaq atışlarında çəkilən videolarda sadəcə raketin buraxıldığı görünür, lakin hara düşdüyü, hədəfdən nə qədər yayındığı, hansı miqyasda zərərə yol açdığı barədə heç bir məlumat verilmir. İstənilən sahədə əgər elan edilən nailiyyət gizlədilirsə, deməli fors-major vəziyyət mövcuddur. Məxfi ola biləcək detallar efirə gedir, lakin konturları bəlli olan zərbə obyektinə raketin dəqiq zərbə endirib-endirməməsi gizlədilir. Raketin torpaqda açıdığı krateri niyə gizlədilsin ki? Deməli raketin hədəfdən yayınmasında və ya digər parametlərdə uyğunsuzluq var. "İsgəndər" kompleksinin hələlik döyüşdə azsaylı istifadə faktları inkar edilsə də bu baş verib.

Raketlərin döyüş imkanlarını təsdiqləməsi faktına hələ rast gəlinməyib, əksinə bu faktlar geniş ictimaiyyət kütləsindən gizlədilməyə çalışılıb. Əsas səbəb raket atışlarının gözlənilən nəticəni verməməsindən ibarətdir.


Rəsmi mənbələrin məlumatına görə, 5 günlük Rusiya-Gürcüstan müharibəsində istifadə edilən raketlərdən biri ilə gürcülərin Qori şəhərinin televiziya qülləsinin yanındakı "Pion" özüyeriyən artilleriya batareyasının mövqelərinə zərbə endirilib. Lakin kəşfiyyat məlumatı yanlış olduğundan (zərbə anında batareya mövqelərini çoxdan dəyişmişdi) raket boş bir ərazidə yerə düşdü. Bu az imiş kimi, döyüş başlığı normal rejimdə çalışmadı, çünki ona aid elementlərin bəziləri Qorinin mərkəzində tapıldı. İkinci "İskəndər" raketi ilə Marneuli aerodromuna zərbə endirdiyi iddia olunsa da, bunun təsdiqi barədə heç bir məlumat yoxdur. Qori şəhərinin mərkəzində yerləşən Stalinin heykəlinin 30 metrliyində başlığı yerə düşən 3-cü "İskəndər M" (kasset tipli başlıqdan istifadə edilməsi daha çoz insanı məhv etməklə yerli əhalidə dəhşətli qorxu hissi yaratmaqdan ibarət idi. Lakin bu nəticəyə də nail ola bilməyiblər) raketinin bəzi hissələri şəxsi yaşayış evinə tuş gəldi.

Nəzərinizə çatdırım ki, "M" versiyası 5-7 metr yayınma ehtimalı ilə düşüncəmizə yeridilir. "İskəndər" raketlərinin real döyüşdə tətbiqi nəticəsində insan tələfatı qeydə alınsa da, OTRK-ya layiq strateji, heç olmasa ciddi bir uğur əldə edilmədi. "İskəndər" OTRK bəlli bir istiqamətdə döyüş balansını təm tərsinə dəyişə bilən bir silah kimi təqdim edilsə də 5-6 kv. metr asfaltı dağıtmaq və iki kilometr yayınma ilə aralıda yerləşən yaşayış evinə sərxoş dana kimi girmək və partlamamaq milyon dollardan çox dəyəri olan OTRK-ya yaraşmadı.

Bilirəm bəziləri dərhal Cənub Hərbi Dairəsi komandanlığının yaydığı kimi, bu "İskəndər" deyildi, "Toçka-U" idi (sanki "Toçka-U" OTRK deyil, sıradan bir raketdir və iki kilometr hədəfdən yayına bilər) deyərək irad tutmağa çalışacaq. Bu səbəbdən əvvəlcə əlavə edilən fotolarda raketin qalıqlarında aşkar seçilən kompleksin markasına diqqət yetirməyinizi xahiş edirəm.


Poti limanın və Bakı Supsa kəmərinin də hədəf alındığı bəlli idi. Lakin bu raketlərin boş Qori şəhərinin mərkəzinə, Stalinin heykəlinə atılması tam absurd qərar idi. Ehtimal etmək olar ki, hədəflərə tuşlanan raketlər ya operator səhvindən, ya da raketlərdəki nasazlıq səbəbindən belə bir biabırçı nəticələr göstərib. Hədəfdən yayınan raketlərin qalıqlarını dərhal toplamaq üçün Rusiyanın 58-ci Ordusunun xüsusi təyinatlı briqasının şəxsi heyəti cəlb edilib. Lakin raket qalıqlarının böyük radiusda paylanması bütün hissələri toplamağa imkan verməyib. Yeri gəlmişkən, raketlərinin buraxılmasını və idarə edilməsini təmin edən zabitlərin uğursuzluğunu ört-basdır etmək məqsədilə orden və medallar verildi.

2017-ci ilin mayında Tacikistanda keçirilən "Düşənbə-Antiterror" təlimlərində, 2017-ci ilin dekabrında isə Suriyada istifadə edilən "İsgəndər" kompleksinin zərbə effektivliyini və dəqiqliyini sübut edən faktlar açıq mətbuatda mövcud deyil. Ən azından bu komplekslərin nüfuzunu xilas edəcək bir fakta belə rast gəlmək mümkün deyil.

Yazıda göstərilən faktları "İsgəndər" raketlərini çox ciddi bir silah hesab edən bəzi erməni ekspertlərinin nəzərinə çatdırdıq. Əks arqumentləri də dinləməyə hazırıq.

Hərbi eskpert Ədalət Verdiyev
Yazı Ordu.az-a məxsusdur



09-avq, 2018 2 390
Загрузка...
Loading...
Загрузка...
 

Paylaş:

loading...