Qaynar xətt:

(+99450) 247 90 86

Ölmək də olmur...  — Qəbir yerlərini satanlar pulu kimlərlə bölür?

HÜQUQ

3150

10.04.2025, 18:52

Qəbir yerləri qəbiristanlıq müdriyyəti tərəfindən ödənişsiz ayrılır.

Gündəmin aktual mövzularından biri qəbir yerlərinin pulla satılmasıdır.Yerləşdiyi ərazilərdən fərqli olaraq qəbir yerlərinin də qiyməti dəyişir. Xüsusi ilə Bakı və Bakı ətrafında  dünyasını dəyişmək ölü sahibinə əməlli başlı dərd olub. Ölünün dərdi bir yana,dəfn xərcləri və  məzar  yerinin alınması dərdi başqa yana.

Qısa araşdırmamız zamanı məlum oldu ki,Bakıda ən bahalı qəbir yerləri "Qurd qapısı" qəbiristanlığıdır. Burada ölüsünü dəfn etmək istəyən şəxs azı 2000-3000 manat pul verməlidir.Digər qəbiristanlıqlarda isə qiymət aşağı,yuxarı 500-1000 manat arasında dəyişir.

Rayonlarda isə vəziyyət Bakıdan fərqli olaraq bir qədər  seçilir. Bəzi rayonlarda qəbir yerləri pulla satılmasa da,yalnız qəbir qazan şəxsə zəhmət haqqı olaraq pul ödənir.

Oxu24.com mövzunun aktuallığını nəzərə alaraq bu sahədə araşdırma aparıb.

Bu dəfə təqdim etdiyimiz mövzu qəbir yerlərinin ödənişli olub-olmaması ilə bağlıdır.

Mövzu ilə bağlı saytımıza açıqlama verən hüquqşünas Sərxan Məmmədli bildirib ki,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2018-ci il tarixli 522 saylı qərarəna əsasən ölmüş şəxsin yaxınlarının müraciəti əsasında qəbir yerləri qəbiristanlıq müdriyyəti tərəfindən ödənişsiz ayrılır.

Əgər sizdən  qanunsuz  ödəniş tələb edərlərsə, ilkin olaraq bələdiyyəyə, daha sonra vəzifəli şəxsin hərəkətlərindən prokurorluğa şikayət edə bilərsiniz.

Qeyd edim ki, qəbir daşı – (mərmər) istisna olaraq, digər məsələlər, hansıki qəbirin qazılması, içinin hörülməsi, daşı, sementi və s. tamamilə ödənişsizdir.

Qəbiristanlıq müdriyyətinin hansı səlahiyyətləri var? O,kimə tabedir?

Hüquqşünas Sərxan Məmmədlinin sözlərinə görə, qəbiristanlıqlar bələdiyyə tərəfindən qeyri-kommersiya qurumu statusunda yaradılır və qəbiristanlıq müdriyyəti rəhbərlik edir. Qəbiristanlıq müdriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin olunur və vəzifədən azad olunur.

Qəbiristanlıq müdriyyətinin bir çox vəzifələri vardır: Məsələn, tabutun verilməsi, qəbir yerlərinin qazılması, ölən şəxsin adının, soyadının, ata adının və doğum və ölüm tarixini göstərən müvəqqəti lövhələrin quraşdırılması və s.

Qəbiristanlıq müdriyyəti dini ayinlərin icrasını da bilməlidir. Görünən odur ki, qəbir yerlərini satanlar bu məsələdə bələdiyyə sədri ilə razılaşmalı olurlar.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda vəfat edən şəxsin yas mərasimini və dəfnini ödəmək üçün Dövlət tərəfindən müəyyən olunmuş məbləğ ayrılır. Bu məbləğ hazırda 960 manatdır.

Sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə məcburi dövlət sosial sığorta haqları hesabına dəfn üçün müavinət verilir. 

Dəfn üçün müavinət müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir.

Hazırladı: Toğrul Əhmədzadə